Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi qaydaları, hüquqi tənzimləmələr və proses haqqında ətraflı məlumat əldə edin.
Ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları qeydiyyat şöbəsində (keçmiş ZAQS) qeydə alınan kişi ilə qadın başa düşülür.
Əgər ərlə arvad nikaha daxil olarkən və ya ondan sonra nikah müqaviləsi bağlamayıblarsa, onda nikahdan sonra onlar tərəfindən əldə edilən əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən əmlaklar ər-arvadın ümumi birgə mülkiyyəti sayılır.
Ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxslərdə (şirkətlərdə) payları, əqli mülkiyyət hüquqları (ixtira və s.), gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir (kreditlər və s.).
Misal: Ər nikah dövrü ərzində öz adına avtomobil almışdır. Bu halda avtomobilin texniki pasportunda (texpasport) yalnız ərin adı göstərilsə belə, avtomobil ümumi birgə mülkiyyət sayılır və ərlə bərabər eyni hüquqlar arvada da məxsusdur.
Qiymətli kağızlar: istiqrazlar, səhmlər və s.
Kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar.
Evlilik dövrü ərzində alınan daş-qaş və digər zinət əşyaları (əgər onlar hədiyyə kimi verilməyibsə).
Ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan arvad (və ya ər) da ümumi əmlak üzərində hüquqa malikdir.
Ər-arvaddan birinin şəxsi əmlakı, yəni nikaha daxil olmazdan əvvəl artıq onlara məxsus olan əmlak da ümumi birgə mülkiyyət sayıla bilər. Bu o halda mümkündür ki, həmin əmlakın dəyəri ərlə arvadın ümumi əmlakı və ya digər tərəfin əmlakı və ya vəsaiti hesabına əhəmiyyətli dərəcədə artsın. Ərin - arvadın hər birinin əmlakına istənilən yaxşılaşdırma deyil, yalnız onun dəyərini xeyli (əhəmiyyətli dərəcədə) artıran yaxşılaşdırmanın edilməsi və bu yaxşılaşdırmanın məhz nikah dövründə onların ümumi əmlakı və ya digər tərəfin ayrıca əmlakı hesabına həyata keçirilməsi müəyyən edilərsə, bu maddənin tətbiqi mümkündür.
Misal: Nikaha daxil olmamışdan əvvəl ərin adına orta bazar dəyəri 50 000 manat olan mənzil vardır. Nikah dövrü ərzində həmin əmlak ər-arvadın birgə qazancı hesabına 25 000 manat dəyərində təmir edilmiş və təmirdən sonra əmlakın bazar dəyəri 70 000 manat olmuşdur. Bu halda həmin əmlak da ümumi birgə mülkiyyət sayıla bilər. Çünki əmlakın dəyəri onların birgə pulu hesabına əhəmiyyətli dərəcədə (50%) artmışdır.
Həmçinin birgə nikah dövrü ərzində ipotekaya alınmış əmlak da ər-arvadın ümumi əmlakını təşkil edir və onlar arasında bölünür.

Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər.
Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir.
Başqa sözlə, bu vəziyyətdən söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb- alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər.
Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ər-arvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir.
Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Yəni ki, iddia edən tərəf boşanma zamanı sənədsiz evin bölünməsini tələb edə bilməsə də, həmin evin inşa edilməsinə xərclənmiş məbləğin 50% tələb edə bilər.
Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi üçün həmin sahə də ər-arvad arasındakı bölgünün predmeti olur. Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq podrat müqaviləsi üzrə inşa edilən çoxmənzilli yaşayış binalarının dövlət reyestrində ilkin qeydiyyata alınmamış müstəqil tərkib hissələri (mənzil və ya qeyri-yaşayış sahələri) üzərində mülkiyyət hüququ əmələ gəlmədiyi üçün ər-arvadın ümumi mülkiyyəti sayıla və bölünə bilməz.
Bununla yanaşı, birgə nikah dövründə ər-arvadın ümumi əmlakı hesabına çoxmənzilli yaşayış binalarında yerləşən, lakin dövlət reyestrində ilkin qeydiyyata alınmamış mənzil və qeyri-yaşayış sahələrinə dair bağlanmış müqavilələr həmin sahələrə dair belə müqavilələrdən irəli gələn, habelə gələcəkdə mülkiyyət hüququnun tanınması da daxil olmaqla bir sıra hüquqlar əmələ gətirir. Belə mənzil və qeyri-yaşayış sahələrinə hüquqlar da ər-arvadın ümumi əmlakına daxil olduğundan bu hüquqda tərəflərin payları müəyyən edilə bilər. Məsələn, ərin (arvadın) iddiası əsasında məhkəmə qət edə bilər ki, konkret tarixli və nömrəli müqavilədən əmələ gəlmiş hüquqda ər-arvadın hər birinin payı müəyyən edilsin. Bu hüquq gələcəkdə ər-arvaddan birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarsa, digər tərəfin də hüququ qətnamədə müəyyən edilmiş paya mütənasib olaraq tanınmalıdır.
Qanunvericiliyin tələbinə əsasən əksi sübuta yetirilənədək nikah müddətində ər və ya arvad tərəfindən əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır
Ailə Məcəlləsinin 34-cü maddəsində əsasən, nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik hüququ qaydasında aldığı əmlak və fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı, kitab) ümumi birgə mülkiyyət sayılmır. Bu onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir.
Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir.
Misal üçün ərin (arvadın) ayrıca əmlakı hesabına nikaha daxil olanadək dəyəri tam ödənilmiş yaşayış və ya qeyri-yaşayış sahəsi birgə nikah dövründə ərin (arvadın) adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa da, ümumi əmlak hesab edilmir.
Əgər ər (və ya arvad) nikahdan əvvəl ona məxsus olan əmlakı satmış və həmin vəsaitə artıq nikah dövrü ərzində əmlak almışsa və bununu sübuta yetirə bilərsə onda birgə nikah dövründə alınmış mənzil ər-arvadın ümumi birgə mülkiyyəti sayılmaya bilər.
Əgər işin halları ilə ərə (arvada) ayrıca məxsus olan əmlakın əvəzli özgəninkiləşdirilməsi nəticəsində yeni əmlakın əldə edildiyi müəyyən edilərsə, məhkəmələr özgəninkiləşdirilən predmetlə əldə olunan əmlak arasında qiymət fərqini də nəzərə almalıdır. Belə ki, əgər özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərinə bərabər və ya ondan artıqdırsa, əldə olunan predmet ərin (arvadın) ayrıca əmlakı kimi qiymətləndirilə bilər. Lakin özgəninkiləşdirilən əmlakın dəyəri əldə edilən əmlakın dəyərindən azdırsa və məhkəmə onu ər-arvadın ümumi mülkiyyəti kimi qəbul edirsə, həmin əmlak üzərində tərəflərin payları əşyanın əldə olunduğu anda sərf olunmuş ayrıca vəsaitə və ər-arvadın ümumi vəsaitinə mütənasib olaraq müəyyən edilməlidir.
Misal üçün: ər evlilikdən əvvəl ona məxsus əmlakı 100 000 manata satıb birgə nikah dövrü ərzində 200 000 manata mənzil alırsa onda mənzil üzərində payıar 100 000 manatlıq hissəsi nəzərə alaraq bölünəcəq və ərə evin ¾ qaıdna isə ¼ hissəsi düşə bilər.
![]()
Nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür
Qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq, məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir.

Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Həmçinin birgə nikah dövrü ərzində əldə edilən borc məsələsi ilə bağlı tərəflərin rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması faktları da nəzərə alınmalıdır.
Misla üçün birgə nikah dövrü ərzində ər tərəfindən bankdan 10 000 manat dəyərindəkredit götürülür və həmin məbləğə tərəflərin yaşadığı mənzil təmir edilirsə onda boşanma zamanı həmin kredit birgə öhdəlik kimi nəzərə alınacaq və həmin 10 000 manatın və ya qalıq məbləğin yarısının ödənilməsi öhdəliyi arvada keçəcəkdir. Yox əgər ər tərəfindən Bankdan götürülən kredit pul məbləği onun şəxsi ehtiyacları üçün xərclənibsə (bahalı paltar, səyahətlər və s.) onda həmin kredit üzrə öhdəlik bölünmür və bütün borc borcu götürən şəxsin üzərində olduğu kimi saxlanılır.
Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına yönəldilə bilinər.
Misal üçün, ərin məhkəmə qərarı üzrə banka borcu olduqda və onun bu borcu ödəməyə vəsaiti yetmədikdə tələb onun birgə nikah dövrü ərzində əldə etdiyi əmlaka yönəldilir (həmin əmlak onun arvadının adına olsa belə)
Məhkəmələr nəzərə almalıdırlar ki, ər-arvadın əmlakının qeyri-bərabər bölünməsinə imkan verən uşaqların mənafeləri sırasına əsasən uşaqların sağlamlıq vəziyyətindən doğan, xüsusi qabiliyyətlərinin həyata keçirilməsinə təsir edən və ya qanunvericiliyə əsasən çoxuşaqlı ailələr üçün verilən sosial təminatlardan istifadə edən ailələrdə uşaqların həyat şəraitinin, məişət rejiminin, sosial-iqtisadi mühitin qorunub saxlanması zərurəti kimi müstəsna hallar aid edilir.
Bu baxımdan misal üçün, tərəflərin ümumi əmlakı iki mənzildən ibarətdirsə ümumi əmlakın bölünməsi zamanı məhkəmə valideynlərdən birinin əmlakdakı payını himayəsində saxlanılan uşaqların mənafeyini nəzərə alaraq, daha artıq müəyyən edə və həmin paya mütənasib olaraq sahəsi nisbətən daha geniş olan və ya otaqlarının sayı çox olan mənzili həmin tərəfə, sahəsi və ya otaqlarının sayı daha az olan mənzili qarşı tərəfə verə bilər. Yaxud ümumi əmlak iki avtomobildən ibarətdirsə, məhkəmə çoxuşaqlı ailədə ər-arvadın paylarını qeyri-bərabər bölə və həmin paya uyğun olaraq, daha çox oturacaq yeri olan avtomobili uşaqlar yanında saxlanılan tərəfə verə bilər.
Boşanma ərəfəsində birgə nikahda əldə edilən əmlak satıla bilərmi?
Reyestrdə qeydə alınmalı olub-olmamasından asılı olmayaraq, daşınar əşyalara sərəncam verilərkən əqdin tərəfi olmayan ərin (arvadın) razılığının alınmaması o halda əqdin etibarsızlığına səbəb olur ki, əldə edən üçüncü şəxs vicdanlı olmasın. Belə ki, ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər (Ailə Məcəlləsinin 33.3-cü və Mülki Məcəllənin 222.3-cü maddələri).
Əldə edənin müvafiq razılığın alınmadığını bildiyi və ya bilməli olduğunu sübuta yetirmək vəzifəsi isə bunu iddia edən tərəfin üzərinə düşür.
Bu qayda daşınmazəmlakın dövlət reyestrində qeydə alınmış əşya hüquqları istisna olmaqla, ər-arvadın ümumi əmlakına daxil olan digər hüquqlara(yaşayış binasının tərkib hissəsi üzərində pay hüququ, icarə hüququ və s.) onlardan birinin razılığı olmadan sərəncam verilməsi ilə bağlı mübahisələrə eynilə tətbiq olunur.
Bəzən məhkəmə təcrübəsində ər-arvadın ümumi birgə mülkiyyətində olan daşınmaz əşyaya sərəncam verilməsi barədə onlardan biri tərəfindən bağlanmış əqdlərdə vicdanlılığı istisna edən qayda əldə edən tərəfindən sonrakı əvəzli özgəninkiləşdirmə əqdlərinə də tətbiq edilir və əşyaya dair bağlanmış sonrakı bütün əqdlər etibarsız hesab edilərək, əşya ər-arvadın birgə mülkiyyətinə qaytarılır. Halbuki Mülki Məcəllənin 225.6-cı maddəsi ər-arvaddan birinin razılığı olmadan sərəncam əqdi bağlandığı halda, əldə edənin vicdanlılığını istisna edir. Əgər bu əqd əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışsa və sonradan onun tərəfindən əşyaya dair yeni sərəncam əqdi bağlanmışsa, sonuncu əqd üzrə əldə edənin vicdanlılığı qorunur. Çünki bu halda sərəncam əqdinin tərəfləri ər-arvaddan biri deyil, reyestrdəki mülkiyyətçi və qeydə etimad edən digər subyektlərdir.
Mübahisə predmetinin üçüncü şəxsin vicdanlı əldə edən olması səbəbindən geri qaytarılması və bölüşdürülməsi mümkün olmadıqda, məhkəmə həmin əşyanın özgəninkiləşdirildiyi halda, bazar dəyərindən iddiaçının payına uyğun olan hissəsinin eyni əsaslarla pul şəklində cavabdehdən tutulmasına iddiaçının razılığı ilə qərar verə bilər.
Məsələnin bu qaydada həll edilməsi iddia tələbindən kənara çıxma sayılmır. Çünki ər-arvadın əmlakının qanuni rejiminə söykənən iddianın obyektinin (avtomobil, pul) dəyişməsi, iddianın predmetinin (əmlak bölgüsünün) dəyişməsi hesab edilmir.
Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı ər (arvad), özünün razılığı olmadan üçüncü şəxslə bağlanmış müqaviləni sonradan bəyəndiyi üçün həmin müqavilə etibarlı hala gəlmişsə, predmetin bazar dəyərinin deyil, müqavilədəki dəyərinin payına uyğun hissəsini pul şəklində cavabdeh ərdən (arvaddan) tələb edə bilər. Belə mübahisələrə baxılarkən əqd əhəmiyyətsiz olduqda (müqavilənin mühüm şərtləri göstərilmədikdə, formaya riayət edilmədikdə və s.) isə belə müqavilə heç bir hüquqi nəticə yaratmadığı üçün əşyanın mülkiyyəti əldə edənə keçmiş sayılmır, yaxud sonuncunun adına aparılmış reyestr qeydiyyatı əsassız olur.
#mulki huquq # Ər-arvad # birgə mülkiyyət # boşanma # daşınar və daşınmaz əşyalar # nikah müqaviləsi # vekil nomreleri # vekil axtariram # vekil # hüquqşünas # vekil telefon nomreleri # vekillerin telefon nomreleri # huquqi yardim # huquq mesleheti # hüquqşünaslıq # vəkil
Şərhlər
Sultanova Fatma 2026-07-10 16:19:47
Salam boşanma ərəfəsindəyəm,ev rəhmətə getmiş qaynanam adınadır,yoldaşım o evi kupçalaşdırır,ordan məni və 2 oğlumu çıxarda bilər?çıxardarsa ordan mənə və uşaqlara yaşamaq hüququ verilə bilər?
Zehra 2026-06-07 09:00:37
Salam bosanma ərəfəsindəyik, ev birgə nikah dovrundə alinib cixaris yoxdu, evi mən oz vəsaitimlə. Almisam bolunməyə bilərmi?
Kamal 2026-06-03 16:43:33
Salam. Ev atamin adinadi. Dasinmaz emlakin ve torpagin senetlerinde tekce atamin adi var. 1 ile yaxindi bosanmisam. Yoldasimin soyadin deyismek ucun eve qeydiyata salmisdiq. 1.Ev uzerinde ne haqq huquqlari var? 2. Evli oldugumuz muddetde onun adina kredit goturub evin 1 otagi temir olunub. Ne teleb ede biler?
Elsad Memmedov 2026-04-22 02:02:04
Salam, savetski adlanan erazide neneye mexsus evde qeydiyyatda olmusam, sonradan hemin unvanda yasaya yasaya aile qurmusam, sonra heyet sokuldu, men orda qeydiyyatda ola ola mene yoldasima ve uc usagim olduguna gore 5 otaqli ev verdiler, hazirda o verilen ev birge nikah dovrunde alinmis hesab olunur? onceden tesekkur edirem
Sevinc qafarli 2026-03-04 02:40:49
Cegzderm hemen yasadgmz evdedi 6 ildi orda gelinem zehmetdern cekmsem iki az yasli usagmin təhsili bağçası xesdexanasi o qaldgmz yere yaxndi men qeydyatda olmasam da usaglar atalarnin soyadndadi bakida doglub her ikisi yasays yeri haqqm var?
Sevinc qafarli 2026-03-04 02:37:19
Salam menim 1 yasli ve 4 yaşlı oglum var azyaslidi her ikisi menim yoldasmin atasnin anasnin adnadi bilerekden meni qeydyat etmedler qaldgmz ev yoldasmin adna deyl usaglara qaldgmz evden yasays yeri telev ede bilerem yetkinik yasdarna kimi?
Leyli Muradova 2026-02-23 18:06:24
Biz evlənəndən 2 il sonra atam kömək edib ev tikib köçmüşük və indi boşanmışam . İndi deyirlər o evdə haqqın yoxdu .evin kupçası yoxdursa o evdə mənim haqqım var?
Mir seyid 2026-02-10 09:54:33
Ev birqe niqahda Alinib Axi. QÜLAM müəllim
Mir seyid 2026-01-31 17:01:03
Salam Qulam muəllim Men birqe niqahda olanda baki şeherinden ev almişdim sonra Men yoldaşima baqişla dim natariusla sonra yoldaşim mehkemeye iddiya verdi boşanmaya. Mende iddiya qaldirdim baqişlanmanin imtinası Ve leqvi ücün Ve mehkeme 1. 2 hedda Ali mehkeme plerniuma iş qeddi ve menim İddiyami qebul olundu . Ve menim xeyrime qerar verdi Ler. Hindi mülk bölqüsu qedir menden pay isteyir bakdaki evden pay düşür. Birde deyimki Men xanima baqişlama eden kimi o ev birqe niqah statusu den düşdü. Xaiş edirem cavablandirarsiz
Aynur Şükürova 2026-01-28 02:59:04
Salam dəyərli vəkil mənim nigahdan öncə opşitelde evim var anam rəhmətə gedənən sonra qardaşımla mənə qalıb Hal hazırda nigagdayam yoldaşımın soy adın daşıyıram və bu evde yaşayıram burdaki ev sökülərsə ev verilərsə mənim burda payım var?
Şərh yaz