Hüquqi yardım

Vərəsəlik hüququ
09 Okt

Vərəsəlik hüququ

Vərəsəlik hüququ. Vərəsəlik nədir? Kimlər vərəsə ola bilər? Miras nə zaman açılır? Mirasda məcburi pay anlayışı.

Vərəsəlik hüququ nədir?

Vərəsəlik hüququ mülki qanunvericiliyin ən mürrəkkəb hissələrindən biridir bu səbəbdən də Azərbaycan Respublikasının Mülki Məcəllənin 10-cu bölməsi tamamilə vərəsəlik hüququna həsr edilmişdir. Mülki məcəlləyə əsasən vərəsəlik ölmüş şəxsin (miras qoyanın) əmlakının başqa şəxslərə (vərəsələrə) keçməsidir. Miras qoyanın əmlakı vərəsələrə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Vərəsəlik haqqında qanun

Vərəsəlik hüquq münasibətləri Azərbaycan Respublikasıın Mülki Məcəlləsi (10-cu bölmə), "Notariat haqqında" Qanun və digər hüquq normaları ilə tənzimlənir.

Kimlər qanun üzrə vərəsələr hesab edilir?

Qanun üzrə vərəsələrin miras almaq hüququnun yaranması aşağıda göstərilən növbədə müəyyən edilmişdir:

  1. 1-ci növbə: ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər);
  2. 2-ci növbə ölənin bacıları və qardaşları;
  3. 3-cü növbə həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası;
  4. 4-cü növbə xalalar və bibilər, dayılar və əmilər;
  5. 5-ci növbə xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

Vəsiyyət üzrə vərəsəlik

Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyətnamə tərtib etməklə qoya bilər. Vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür.

vəsiyyətnamə

Mirasda məcburi pay

Bəzi hallarda, şəxs öz övladlarından birini və ya ərini (arvadını) mirasdan məhrum etmək üçün öz əmlakını digər şəxsə vəsiyyət edir və hesab edir ki, ona məxsus əmlak bütünlüklə vəsiyyət etdiyi şəxsə çatacaq. Mülki qanunvericilikdə təsbit olunmuş “mirasda məcburi pay” institu özündə onu ehtiva edir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

Miras nə zaman açılır?

Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

Mirasin qəbul edilməsi üçün hara müraciət edilməlidir?

Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Vərəsəlik hüququ haqqında şəhadətnamə

Vərəsəlik hüququ haqqında şəhadətnamə hüquq müəyyənedici sənəddir, başqa sözlə desək vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən 6 ay keçdikdən sonra istənilən vaxt verilir.

Vərəsəlik işləri üzrə vəkil

Vəkil miras əmlakın bölgüsü və vərəsəliklə bağlı digər növ mübahisələrin həlli zamanı tərəfin hüquqlarının lazımı formada müdafiəsinə zəmanət verir. Xüsusilə də, miras əmlakın vaxtında əldə edilməsi üçün müvafiq prosedurları bilmək şəxsi gələcəkdə qarşılaşa biləcəyi risklərdən və uzunsürən məhkəmə mübahisələrindən qoruyur. Bu səbəbdən vərəsəliklə bağlı məsələlərin həlli zamanı vəkil məsləhəti almağınız tövsiyə edilir.

#vərəsəlik hüququ # vərəsəlik haqqında qanun # vereselik huququ

Şərhlər

  • Günay Səlimli 2026-07-28 21:08:31

    Salam, Hörmətli vəkil. Keçmiş yoldaşım (3 il əvvəl ayrılmışıq) bir neçə aydır rəhmətə gedib. İkimizin ortaq yetkinlik yaşına çatmayan bir övladımız var. İkimiz də başqa nigahlarda olmamışıq. Yoldaşımın adına atasından qalma bir ev var. Biz evli olan zamanlarda qaynım və qaynanam öz paylarından imtina edərək evi yoldaşımın adına keçirmişdilər. İndi yoldaşım həyatda yoxdur. Mənimlə əlaqə saxlayıb uşağın sənədini istəyirlər ki, vərəsəlik işi üçün müraciət edəcəklər. Mən isə onların təmiz niyyətli olmasından şübhələnirəm və uşağımın sənədini vermək istəmirəm. Sizcə bu kimi hallarda qaynım mənə və uşağıma hər hansı hüquqi zərər yetirə bilərmi? Çünki ortaya atıblar ki, guya yoldaşımın kredit borcu da var. Yoldaşım xəstə olduğu üçün mümkündür ki, krediti də onun adına anasıgil alıblar ki, onsuzda bu öləcək qoy axıra kimi istifadə edək. Mən öz övladıma görə narahatam. Uşağımın miras hüququnu necə qoruya bilərəm? Ümumiyyətlə uşağımı onlardan necə qoruya bilərəm?

    Salam. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, yetkinlik yaşına çatmayan övladınız mərhum atanın birinci növbəli vərəsəsidir (anası ilə bərabər) və digər qohumların onun miras payını əlindən almaq hüququ yoxdur. Övladınızın hüquqlarını qorumaq üçün sənədlərin əslini başqalarına vermək yerinə, onun qanuni nümayəndəsi (anası) kimi vəfat tarixindən 6 ay keçənədək şəxsən notariusa müraciət edib vərəsəlik işinin açılmasını və övladınızın adına payın rəsmiləşdirilməsini təmin edin; ehtimal olunan kredit borclarına gəldikdə isə, vərəsə mərhumun borclarına görə yalnız qəbul etdiyi miras əmlakının dəyəri həddində cavabdehlik daşıyır. Vəkil Qulam İsmayılzadə
  • Vüsal Quliyev 2026-07-07 23:55:23

    Salam atam sağdır evdə kiçik qardaşım yaşayır evi kiçik qardaşımın adına keçirmək istəyirlər. Mənə həmin evdən pay düşürmü

    Aleykum salam. Atanız sağ olduğu üçün öz mülkiyyətində olan evi istədiyi şəxsə (o cümlədən kiçik qardaşınıza) bağışlamaq, satmaq və ya vəsiyyət etmək tam hüququna malikdir; atanız sağ olduğu müddətdə mülkiyyətçi özü hesab olunduğundan və vərəsəlik hüququ yalnız şəxs vəfat etdikdən sonra yarandığından, hal-hazırda həmin evdən sizə hər hansı **qanuni pay düşmür** və atanızın evi kiçik qardaşınızın adına keçirməsinə hüquqi olaraq mane olmaq mümkün deyildir (yalnız mənzil ananızla nikah dövründə alınıbsa və ananız vəfat edibsə, ananızın payı üzrə vərəsəlik tələb edə bilərsiniz). Vəkil Qulam İsmayılzadə
  • Elxan 2026-07-04 15:31:12

    Atamla anam 1955-ci ildə zaqsda nikah bağlamışlar. 1983-cü ildə atam ev alıb. 1993-cü ildə doğma anam vəfat edir. 1995-ci ildə atam evlənərək 2-ci arvadı ilə (ögey ana) zadsda nikah edir. Yaşadığımız evdə vəfat etmiş anamın payı varmı, o pay doğma evladlarına keşə bilərmi?

    Aleykum salam. Ev 1983-cü ildə ata və ananızın rəsmi nikahı dövründə alındığı üçün ər-arvadın birgə mülkiyyəti sayılır və ananızın həmin evdə **1/2 (yarısı) məbləğində qanuni payı** var idi; 1993-cü ildə ananız vəfat etdikdə onun həmin 1/2 payı vərəsəlik əmlakı (miras) hesab olunur və Mülki Məcəlləyə əsasən birinci növbəli vərəsələr kimi onun övladları (siz və bacı-qardaşlarınız) ilə yoldaşı (atanız) arasında bərabər bölünür, buna görə də ananızın payı avtomatik olaraq doğma övladlarına keçir (ögey ananın isə 1993-cü ildə vəfat etmiş ananızın payında heç bir vərəsəlik hüququ yoxdur). Vəkil Qulam İsmayılzadə
  • Kəmalə süleymanova 2026-06-09 12:22:39

    Hal hazırda o evi satmaq istiyirlər lakin sata bilmirlər ,o evə biz varis kimi iddia qaldıra bilərikmi?

  • Kəmalə süleymanova 2026-06-09 12:06:32

    Salam məni anamın dayısı 1996 ildə rəhmətə gedib övladı yoxdu,onun mirası tamamılə qohumluq əlaqəsi olmayan bir nəfərə yoldaşı (arvadı)vəsiyyətnamə verib biz vərəsə kimi o mirasa iddi qaldıra bilərik

    Yalnız vəsiyyətnamənin etibarsız sayılması üçün qanuni əsaslar varsa, məhkəmə qaydasında mübahisələndirilə bilər. Vəkil Qulam İsmayılzadə
  • Coşqun Abuşov 2026-05-19 22:15:38

    Salam hər vaxtınız xeyir olsun. Mərhum atanın adından anaya vərəsəlik razılığı olanda imtina necə yazılır zəhmət olmasa məlumat verində.

    Vərəsəlikdən imtina yalnız notariat qaydasında edilir və ərizədə adətən belə qeyd olunur: “Mərhum ___ oğlunun/qızının miras qalmış əmlakından qanun üzrə mənə düşən vərəsəlik payından imtina edirəm.” Vəkil Qulam İsmayılzadə
  • Бабек 2026-05-17 11:35:06

    30 il bacıma yaxindan kömək etmişəm. Ağır xəstə olan vaxtı Rusiyaya yanıma aparmışam və orda fəfat edib orda dəfn eləmişəm . Başqa varislər bir köməklik etməyiblər. 11.7 kv.m miras mənzil necə bölünməlidir.

    Vəsiyyət yoxdursa, miras əmlak qanun üzrə birinci növbəli vərəsələr arasında bərabər bölünür. Uzun müddət qulluq etməyiniz və dəfn xərclərini çəkməyiniz pay hüququ yaratmır Vəkil Qulam İsmayılzadə
  • Vasif Yusifov 2026-04-24 16:00:04

    Salam, biz ailədə 4 nəfər olmuşuq,ANAM isə 2006-cı ildə rəhmətə gedib,2006-cı ildə isə qardaşım və mən əsgərliyə getdik,atam içki həyatı sürdüyü üçün,evi satmasın deyə,biz əsgərlikdən qayıdandan sonra çöldə qalmayaq deyə,xalam evi keçirdib öz adına, yəni,burda bizim isə xəbərimiz olmayıb, Kominalların isə ikisi qardaşımın, birisi isə xalamın adınadır, Yəni, bilmək istəyirəm, mən xalamın adına olan ata evimdə ailəmlə birlikdə yaşayıram və sosial yardıma ehtiyacım var, bütün sənədləri də vermişəm sadəcə,kominallar qardaşımın və xalamın adına olduğu üçün sosialdan yararlana bilmirəm, mən indi necə edə bilərəm, Xaiş edirəm məlumat verəsiniz? Onu qeyd edim ki,xalam və qardaşımla aramızda soyuq münasibət var,xalam isə evi məndən xəbərsiz (qol çəkməmişəm,imza atmamışam) adına keçirdib, yəni mən necə edə bilərəm evi, Kominalları öz adıma keçirdim, yəni, hüququm çatır buna?

    Kommunalların sizin adınıza keçirilməsi mümkündür, lakin bunun üçün mülkiyyətçi və ya müvafiq razılıq sənədi tələb olunur, mülkiyyət sənədi xalanızın adındadırsa, onun razılığı olmadan dəyişiklik aparılmır. Mülkiyyətin qanuniliyi yalnız məhkəmə qaydasında mübahisələndirilə bilər Vəkil Qulam İsmayılzadə
  • Elnur Hüseynzadə 2026-04-23 11:10:50

    Salam .Anamız 2020 ci ildə vəfat edib .Vərəsəlik işi 2021 ildə açılsa da şəadətnaməni hər 3 vərəsə 2025 ci ildə alıb .Lakin evdə qalıb yaşayan vərəsə iddia edir ki mənim vərəsəlik hüququm yoxdur və istinad olaraq qanunda 2023 ci ildəki dəyişikliyi əsas gətirir .Bildiyim gədər bu dəyişiklik o zamana gədər bağlanmamış vərəsə işlərinədə şamil olunur .Xahiş edirəm şərh edəsiniz .

    Vərəsəlik mirasın açıldığı vaxtda qüvvədə olan qanunvericiliklə tənzimlənir. 2020-ci ildə açılıb və 2021-ci ildə vərəsəlik işi başlanıbsa, sonradan (2023-cü il) edilmiş dəyişikliklər geriyə şamil olunmur. Vəkil Qulam İsmayılzadə
  • Abbas əliyev 2026-04-23 03:07:56

    Salam mən ata soyadın dasimiram valideynimin adina olan torpaqdan mənə pay düşür? Qeyd edimki valideynim yəni atam 7 il xərçəng xəsdəsi olub ve bütün əziyyətin mən çəkmişəm yasinda men vermişəm və mənə heçbir vəsiyyət etmeden dunyadan köçüb Evin sonuncu evladiyam!!

    Soyadı daşımamağınız hüquqa təsir etmir. Ata vəfat etdikdə onun əmlakı vərəsəlik qaydasında bölünür Vəkil Qulam İsmayılzadə

    Şərh yaz